Azərbaycan Dövlət İqtisad Universitetinin tarix muzeyi
4 yanvar 1985-ci il rektorun əmrinə əsasən yaradılmışdır.
Tarix Muzeyi UNEC-in rektorunun tabeçiliyindədir. Muzey 2001-ci ildən etibarən özünün ekspozisiya göstəriciləri və fondlaşdırma sisteminə görə müstəqil hüquqlu müəssisə olaraq dövlət müəssisəsi adlanır. UNEC-in Tarix Muzeyi haqqında Əsasnamə 16 iyul 2000-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı hüquqi şəxslərin qeydiyyat şöbəsində qeydiyyatdan keçmişdir. Bu Əsasnamə, həmçinin 4 noyabr 2000-ci ildə universitetin Elmi Şurasında təsdiq edilmişdir.
Universitetin «Tarix muzeyi» bir sıra sosial funksiyaları: sənədləşdirmə, mühafizə, tədqiqatçılıq, təlim-tərbiyə və tədris işinin keyfiyyətinin yüksəldilməsini və s. yerinə yetirir, bu işlərin həyata keçirilməsində muzeyin əsaslı fondundan geniş istifadə olunur. Muzey 7 baş fonddan, o cümlədən 1500 əsas və 500 köməkçi fonddan ibarətdir.
Muzeyin strukturu – foto və kino sənədləri, elmi və təhsil-metodiki nəşrlər, multimediya vasitələri, çap materialları, əməkdaşların şəxsi əşyaları, universitetin mükafatları, universitetə və muzeyə verilən hədiyyələr, eksponatlardan ibarətdir.
Muzeyin əsas ekspanatlarından biri də 2007-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNEC-in yeni tədris binasının açılış mərasimində iştirakına aid olan foto materiallardır.