UNEC-də 10 fakültə fəaliyyət göstərir, 22 ixtisas üzrə
18 mindən çox azərbaycanlı və dünyanın 12 ölkəsindən
olan 850-dən çox tələbə bakalavr və magistr təhsil alır.
Mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 77 professor, 326 dosent çalışır.
Ölkəmizdə ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır.